Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun final oyunu çərçivəsində “Əl-Hilal”la qarşılaşıb.
Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyun, penaltilər silsiləsində “Əl-Hilal”ın “Əl-Nəsr” üzərində 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Oyun gərgin mübarizə şəraitində keçib və dramatik məqamlarla yadda qalıb. Oyunun 7-ci dəqiqəsində “Əl-Hilal”ın serb hücumçusu Aleksandr Mitroviç hesabı açıb. 56-cı dəqiqədə hakim “Əl-Nəsr”in kolumbiyalı qapıçısı David Ospinanı meydandan qovub. 87-ci dəqiqədə “Əl-Hilal”ın müdafiəçisi Əli Əl-Bulayhi qırmızı vərəqə alıb. 88-ci dəqiqədə isə Ayman Yahya “Əl-Nəsr”in bərabərlik qolunu vurub. 90-cı dəqiqədə “Əl-Hilal”ın seneqallı müdafiəçisi Kalidu Kuliabali ikinci dəfə sarı vərəqə görərək meydandan qovulub. Oyunun əlavə vaxtı isə daha dörd sarı vərəqə ilə yadda qalıb. Ümumilkdə hakim futbolçulara birbaşa 2 qırmızı və 12 sarı vərəqə göstərib ki, bunlardan 2 sarı vərəqə Kulibaliyə göstərilmiş qırmızı vərəqəyə çevrilib.
Penaltilər silsiləsində 4:4 hesabına qədər kimsə büdrəməyib, “Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo da penaltini dəqiq yerinə yetirib. İlk büdrəyən tərəf isə “Əl-Hilal” olub – Səud Əbdülhəmid penaltini qola çevirə bilməyib. Ardınca isə Əli Əl-Həssən vacib məqamı boşa verək, “Əl-Nəsr”in hesabda önə keçmək ümidlərini puç edib. “Əl-Hilal” Nasser Əl-Davsarinin dəqiq zərbəsi ilə vəziyyəti öz xeyrinə dəyişib – 5:4. Meşari Əl-Nemer isə zərbəni boşa verərək, “Əl-Nəsr”i kədərə qərq edib. Beləliklə, Səudiyyə Ərəbistanı Peşəkar Liqasının qalibi “Əl-Hilal” Kral Kubokunu da qazanaraq, “qızıl dubl”a imza atıb.
Ronaldo hönkür-hönkür ağladı
“Əl-Nəsr”in portulqal ulduzu Kristiano Ronaldo isə oyundan sonra meydanda yerə, ot örtüyü üzərinə sərilərək, hönkür-hönkür ağlamağa başlayıb. Acı göz yaşlarına qərq olmuş ulduz futbolçuya komanda yoldaşları mənəvi dəstək nümayiş etdiriblər.
Kristiano Ronaldo “Əl-Nəsr”də 2023-cü ilin yanvarından çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cüdür.
Eyni zamanda Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur. Portuqal hücumçunun hesabında vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal var.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


