Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün variantlarını çeşidləyir.
Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, hazırda “İnter”in xorvat yarımmüdafiəçisi Marselo Brozoviç ərəblərin hədəfindədir.
Mənbənin məlumatına görə, son bir neçə gündə “Əl-Nəsr” fəal şəkildə “İnter”lə anlaşma axtarır. Hazırda yekun şərtlərlə bağlı tam razılıq əldə olunmasa da, tərəflər potensial transferin bəzi əsas təfərrüatını hələ müzakirə edəcəklər.
Klublar arasında danışıqların yaxın vaxtlarda davam etdiriləcəyi bildirilir. Marselo Brozoviç özü də Səudiyyə Ərəbistanı klubuna keçməyə açıqdır.
Xorvat yarımmüdafiəçi 2015-ci ildən “İnter”də çıxış edir. 2022/2023 mövsümündə Brozoviç “İnter”in heyətində 40 oyuna çıxıb və 3 qol vurub, 6 məhsuldar ötürmə edib. O, komandası ilə İtaliya Kubokunu və Super Kubokunu qazanıb.
Brozoviçin Milan klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Marselo Brozoviçi 25 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “İnter”in də “Latsio”nun serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçlə maraqlandığı bildirilirdi.


