Gəncə futbol məktəbinin yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi Əli Səmədov yenidən “Kəpəz” komandasına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Əli Səmədov geridə qalan mövsümün ikinci dövrəsini “Şamaxı”da keçirib. O, sözügedən kluba bu ilin yanvarında “Kəpəz”dən ayrılaraq yollanmışdı. Yarımmüdafiəçi artıq elitanı tərk etmiş və növbəti mövsümü Birinci Liqada keçirəcək əyalət klubunda 14 matça çıxıb.
“Kəpəz” daha öncə “Qəbələ”dən Rüfət Əhmədovu icarəyə götürmüş, həmçinin Vurğun Hüseynov və Zamiq Əliyev kimi oyunçuları heyətinə qatmışdı. Gəncə klubunda Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev və Kamran İbrahimovla da yeni müqavilə imzalanıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandanı tərk ediblər.


