Əliyar Ağayev İngiltərə – Almaniya matçını idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir oyun idarə edib.

Arena.az xəbər verir ki, o, C qrupunun üçüncü turu çərçivəsində baş tutan İngiltərə – Almaniya görüşünün baş hakimi olub.

Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Rumıniyadan olan Horaçio Feşniç yerinə yetirib.

Gürcüstandakı “Batumi Arena”da oynanılan qarşılaşma İngiltərə yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 4-cü dəqiqədə Kris Arçer açıb. Britaniyalıların ikinci qolunu isə 21-ci dəqiqədə Harvi Elliot vurub. Ağayev bu matçda cəmi 1 sarı vərəqəyə əl atıb. O, 74-cü dəqiqədə Eşli Koliyə (İngiltərə) xəbərdarlıq edib.

Bu nəticədən sonra İngiltərə yığması 9 xalla C qrupunun vahid lideri kimi pley-offa vəsiqə qazanıb. Almaniya yığması isə 1 xalla sonuncu – dördüncü yeri tutub və üçüncü olan Çexiya ilə birgə qrupda qalıb. 4 xalla ikinci olan İsrail millisi isə ingilislərlə birgə mərhələ adlayıb.

Xatırladaq ki, qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə etmişdi. Bu, həm də AÇ-2023-ün ilk qarşılaşması idi. O, qrup mərhələsinin ikinci turunda keçirilmiş Çexiya – Almaniya görüşündə də dördüncü hakim funksiyasını yerinə yetirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: