Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Yunanıstan Super Liqasının daha bir oyununu idarə edib. Arena.az xəbər verir ki, o, Super Liqanın çempionluq qrupunun 7-ci turu çərçivəsində keçirilmiş PAOK – “Aris” oyununun baş hakimi olub.
Beş qolun qeydə alındığı qarşılaşma meydan sahibi olan PAOK-un qələbəsi ilə yekunlaşıb – 3:2. Meydan sahibləri 56, 62 və 78-ci dəqiqələrdə fərqləniblər. Qonaq komandanın qolları isə 45 və 70-ci dəqiqələrə təsadüf edib.
Ağayev görüş ərzində 7 futbolçuya sarı vərəqə göstərib. 35 yaşlı ədalət təmsilçisi PAOK-dan 5, “Aris”dən isə 2 oyunçunu cəzalandırıb. O, qonaq komandanın hücumçusu Abubakar Kamaranı isə 90+3-cü dəqiqədə qırmızı vərəqə (ikinci sarıdan) ilə meydandan qovub. FİFA referisi 62-ci dəqiqədə qonaqların qapısına penalti də təyin edib.
Qeyd edək ki, Əliyar Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.
Bu nəticədən sonra PAOK 63 xalla 4-cü pillədə qərarlaşıb. “Aris” isə 47 xalla 5-cidir.
Xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda səkkiz oyuna təyinat almışdı. Super Liqa və Yunanıstan kuboku çərçivəsində baş tutan həmin oyunların siyahısını təqdim edirik:
PAOK – “Atromitos” 3:0 (10.03.2019)
“Panathinaikos” – PAOK 2:0 (02.02.2020)
“Atromitos” – AEL 1:1 (20.02.2021)
“Panathinaikos” – PAOK 3:0 (04.04.2021)
“Panathinaikos” – “Aris” 1:0 (01.05.2022)
“Olimpiakos” – AEK 1:1 (03.04.2022)
“Veriya” – “Lamiya” 1:2 (11.06.2022)
“Olimpiakos” – AEK 2:1 (12.04.2023)


