“Maynts”ın niderlandlı sağ vingeri Ənvər Əl-Qazi Fələstinə verdiyi dəstəyə görə klubu ilə çəkişməsi məsələsinə dair müraciət ünvanlayıb.
Arena.az mərakeşəsilli futbolçunun müvafiq mürəciətini təqdim edir:
“Bu gün mənim “Maynts”la müqaviləm rəsmən ləğv edildi. Qəzzada mülki əhalinin və köməksiz uşaqların iztirabları davam etdiyi üçün son qanuni qələbəmi qeyd etmək mənim üçün çətindir.
Mənim işim – sadəcə insanlıq və ədaləti müdafiə etdiyim üçün müqaviləmi ləğv etməyə çalışarkən, “Maynts”ın əsassız və qanunsuz davranışlarına qarşı söz azadlığının qələbəsidir.
Münaqişənin dayandırılmasına kömək etmək üçün karyeramı milyon dəfə fəda edərdimsə də, bəxtim gətirdi ki, sevdiyim işlə məşğul olmaq fürsətindən məhrum olmağım cəmi bir neçə ay çəkdi. İndi ətrafımdakı insanların dəstəyi və məhəbbəti sayəsində yenidən ən yüksək səviyyədə futbol oynamağa hazıram”, deyə Əl-Qazi bildiib.
Xatırladaq ki, Ənvər Əl-Qazinin Fələstinə dəstək üçün ikinci dərcindən sonra “Maynts” futbolçunun komanda ilə məşqləri dayandırmasına qərar vermişdi. Ötən ilin noyabrın 1-də Əl-Qazi Fələstinə dəstək üçün ikinci yazı dərc etmiş və burada əvvəlki – ilk bəyanatına görə üzr istəmədiyini açıqlamışdı. Hətta bundan əvvəl Əl-Qazi Fələstinə dəstək üçün daha bir yazı dərc etmişdi. Futbolçunun paylaşmasında deyilirdi ki, “Fələstin çaydan dənizə qədər azad olmalıdır” – bu, İsrailin bir dövlət olaraq mövcud olmaması anlamına gəlir.
Ona da vurğulayaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Daha sonra Fələstin – İsrail münaqişəsi kəskinləşib. İsrailin hərbi müdaxiləsi Fələstində dinc mülki əhalinin öldürülməsi ilə nəticələnir, münaqişə bu gün də davam edir. Bundan əvvəl 12 Yaxın Şərq ölkəsi Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrail milli futbol komandasının yarışlardan kənarlaşdırılmasının lehinə çıxış etmişdilər. Bunlara Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya və Yəmən daxildir.
Ənvər Əl-Qazinin yeni klubu da məlum oldu
Ənvər Əl-Qazi “Maynts”a ötən ilin sentyabrında azad agent qismində qoşulmuşdu. O, “karnavalçılar”ın heyətində 3 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Əl-Qazi buna qədər PSV, “Everton”, “Aston Villa”, “Lill”, “Ayaks” klublarında çıxış edib. O, PSV ilə Niderland Kubokunu (2022/2023) və Niderland Super Kubokubu (2024) qazanıb.
Ənvər Əl-Qazi 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Artıq Ənvərin yeni klubu da məlumdur. O, “Maynts”la yollarını ayıran kimi Uels təmsilçisi “Kardiff Siti” ilə 2 illik müqaviləyə imza atıb. Yarımmüdafiəçi yeni klubuna azad agent kimi qoşulub.
“Transfermarkt” internet-portalı 29 yaşlı Ənvər Əl-Qazinin trasnfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.



