Ötən gecə İspaniya millisinin heyətində UEFA Millətlər Liqasının qalibi olan Xoselu yeni mövsümdən “Real”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Kral klubu” 33 yaşlı futbolçunu La Liqanı tərk edən “Espanyol”dan bir mövsümlük icarəyə götürüb. Müqavilədə icarə müddətinin sonunda hücumçunun transfer hüquqlarını alınmasına dair şərt də var. Amma “Real”ın icarə üçün və birdəfəlik transfer üçün “Espanyol”a nə qədər ödəyəcəyi açıqlanmır. Paytaxt klubu yeni transferi üçün iyunun 20-də təqdimat mərasimi təşil olunacağını bildirib.
İtaliyadan olan insayder-jurnalist Fabrisio Romanonun iddiasına görə isə, “Real” bir mövsümlük icarə üçün “Espanyol”a 500 min avro ödəyəcək. Mövsümün sonunda Xoselunun transfer hüquqlarının alınması üçün əlavə 1,5 milyon avro ödəmək lazım gələcək.
Xatırladaq ki, “Selta”nın yetirməsi olan Xoselu vaxtilə “Real”da çıxış edib. Madrid klubu 2009-cu ildə onu 1.5 milyon avro qarşılığında heyətinə qatıb. Həmin vaxt gənc hücumçu daha çox “Kastilya”da forma geyinib, “Real”ın əsas komandasında isə cəmi 2 matça çıxmış forvard eyni sayda da qol vurub. 2012-ci ildə isə paytaxt klubu onu Almaniya təmsilçisi “Hoffenhaym”a satıb. Futbolçu “Selta”, “Real” və “Hoffenhaym”dan başa, “Ayntraxt”, “Hannover”, “Stok Siti”, “Deportivo”, “Nyukasl” və “Alaves”də də forma geyinib. O, 2022-ci ilin iyulunda qoşulduğu “Espanyol”da bir mövsüm ərzində 38 matça çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu yaşda belə məhsuldarlıq 33 yaşlı futbolçunun İspaniya millisinə də yolunu açıb. Belə ki, bu ilin martında yığmada debüt matçına çıxan Xoselunun hesabında artıq 4 oyuna 3 qol var.


