Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Fabio Kvalyarella “Sampdoriya” ilə müqaviləsinin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu bardə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı hücumçu 1 illik yeni sözləşməyə imza atıb. Bu, təcrübəli forvardın A Seriyasında 20-ci mövsümü olacaq. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi.
Xatırladaq ki, Fabio Kvalyarella 2016-cı ildən “Sampdoriya”da çıxış edir. O, bu komandanın heyətində indiyə qədər meydana çıxdığı 268 matçda 105 qola imza atıb. Hücumçu daha öncə 2006/07 mövsümündə də “Sampdoriya”da forma geyinib.
Təcrübəli futbolçu “Torino”, “Fiorentina”, “Çieti”, “Udineze”, “Napoli” və “Yuventus”un da uğurları üçün çalışıb. Karyerası ərzində A Seriyasında 533 matça çıxan forvard, bu görüşlərdə 181 qol vurub. İtaliya yığmasında 28 oyun keçirmiş futbolçu 9 qolla yadda qalıb.


