Lionel Messi və komanda yoldaşları Bakıya gəlir

Argengina millisinin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Azərbaycana gələcək.

Arena.az xəbər verir ki, ulduz futbolçu MLS təmsilçisindəki komanda yoldaşları – Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıya təşfir buyuracaq.

Belə ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanmış Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur “Morandi” qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”nin heyətində çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Bu, onun karyerasında qazandığı 46-cı tituldur. Messi futbol tarixində ən çox titul qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: