Emil və Şahruddin aylar sonra rəsmi oyuna çıxdılar

Azərbaycan millisinin də üzvləri sayılan qapıçılar – Emil Balayev və Şahruddin Məhəmmədəliyev uzun müddətdən sonra rəsmi oyuna çıxıblar.

Arena.az xəbər verir ki, hər iki qolkiper bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş oyunların iştirakçısı olub.

“Neftçi”nin şərəfini qoruyan Emil “Difai”yə qarşı keçirdikləri matçın start heyətində yer alıb. 30 yaşlı qolkiper 90 dəqiqə meydanda olub və qapısını toxunulmaz saxlamağı bacarıb. “Neftçi” Balayev üçün xüsusi önəm daşıyan bu oyunda 6:0 hesablı qələbə qazanmaqla Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunmuş “Matc TV” turnirində, Serbiya klubu “Srvena Zvezda” (0:4) ilə görüşdə ağır zədə almışdı. O, həmin vaxtdan sonra bir neçə dəfə əməliyyat keçirmiş və bərpa prosesi keçmək məcburiyyətində qalmışdı.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev isə dörd aydan sonra yaşıl meydanlara qayıdıb. 30 yaşlı qolkiper Ağdam təmsilçisinin “Qəbələ”yə qarşı keçirdiyi səfər matçında start heyətində yer alıb. Balayev kimi, Məhəmmədəliyev də uzun fasilədən sonra oynadığı matçda 90 dəqiqə meydanda olub və qapısını toxnulmaz saxlayıb. Ağdam təmsilçisi bu görüşdə 2:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Şahruddin də bu ilin avqust ayında məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Azərbaycan Premyer Liqasının 1-ci turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: