“Barselona”nın baş məşqçisi Hansi Flik “Malyorka” ilə səfər oyununda Robert Levandovskini ehtiyatda saxlamaq qərarı barədə danışıb.
Arena.az xəbər verir ki, İspaniya La Liqasının vaxtı dəyişdirilmiş 19-cu turunun “Malyorka” ilə səfər oyununda (5:1) “blauqrana”nın və İspaniya çempionatının cari mövsümünün ən sərrast qolçusu, polyak mərkəz hücumçusu Robert Levandovski ehtiyatda qalıb.
Hansi Flik matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bugünkü qərarımız çox aydın idi: dünən plana Levandovskinin heyətdən kənarda qalması daxil deyildi. Amma bu gün bizdə onun ehtiyat oyunçular skamyasında qalmalı olduğu hissi və duyumu vardı. Ona istirahət etmək gərək idi, meydanda xeyli dəqiqə keçirib”, deyə Flik qərarını əsaslandırıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 20 oyuna çıxıb, 22 qol vurub və 2 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 115 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


