Luis Nani peşəkar futbolçu karyerasını tamamladı

“Mançester Yunayted”in və Portuqaliya yığmasının keçmiş hücumçusu Luis Nani peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özünün sosial şəbəkə hesabında məlumat yayıb:

“Vidalaşmağın vaxtı gəldi, peşəkar futbolçu karyeramı bitirdim. Bu, heyrətamiz bir səyahət idi. 20 ildən çox davam edən karyeramın eniş-yoxuşlarında mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür edirəm”, – deyə Nani bildirib.

Xatırladaq ki, Nani bu ilin iyul ayından Portuqaliyanın “Eştrela” klubunun uğurları üçün çalışırdı. 38 yaşlı vinger bu komandanın heyətində 10 oyuna çıxıb, 1 qol vurub. Amma görünür o, cari mövsümün sonunadək oynamaq istəmədiyi üçün karyerasını elə bu il başa vurmağı üstün tutub.

Luis Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Orlando Siti”, “Latsio”, “Venesiya”, “Melburn Viktori”, “Fənərbaxça” və “Adana Dəmirspor” kimi klubların da formasını geyinib.

Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol, 24 məhsuldar ötürmə var. O, ölkəsinin yığması ilə 2016-cı ildə Avropa çempionu olub.

Naninin klub karyerasında da çoxlu titulları var. O, bunlara yalnız iki klubla – “Sportinq” və “Mançester Yunayted”lə nail olub. Hücumçu “Sportinq”in heyətində 3 dəfə (2007, 2015 və 2019) Portuqaliya Kubokunu, 1 dəfə (2019) Portuqaliya Liqa Kubokunu qazanıb. Luis “Mançester Yunayted”lə 1 dəfə (2008) UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub. O, “qırmızı şeytanlar”la 4 dəfə (2008, 2009, 2011 və 2013) İngiltərə çempionu olub, 2 dəfə (2009, 2010) İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Super Kubokunu (2008, 2009, 2011 və 2012) əldə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: