FIFA İntizam Komitəsi Türkiyənin iki klubunun – “Yeni Malatyaspor” və “Girəsunspor” komandalarının xallarını silib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Ali futbol qurumu Birinci Liqada çıxış edən “Yeni Malatyaspor”un 18 xalını silib. İkinci Liqa təmsilçisi “Girəsunspor” isə 6 xalından məhrum edilib.
“Yeni Malatyaspor” bu qərardan sonra Birinci Liqanın yarış cədvəlində -21 xalla sonuncu pillədə qərarlaşıb. Onsuz da cari mövsümdə keçirdiyi 15 oyunun hamısında məğlub olmuş Malatya təmsilçisi 1-ci turda “Pendikspor”la oyuna çıxmadığına görə də TFF tərəfindən cəza almışdı (həmin vaxt bu klubun 3 xalı silinmişdi).
“Girəsunspor” isə İkinci Liqada -1 xalla sonuncu – 18-ci sırada qərarlaşıb. Bu komanda cari mövsümdə keçirdiyi 15 oyunda 1 qələbə qazanıb, 4 heç-heçə edib, 10 oyunda uduzub.
Yeri gəlmişkən, Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” klubu da oxşar cəza ilə üzləşib. Amma Adana klubunu FIFA yox, Türkiyə Futbol Federasiyası özü cəzalandırıb. TFF elita təmsilçisinin 3 xalını silib. Nəticədə Adana klubu Super Liqanın yarış cədvəlində -1 xalla sonuncu – 19-cu pillədə yer alıb.
“Adana Dəmirspor” Super Liqanın cari mövsümündə 14 oyuna çıxıb, qələbə qazana bilməyib. Cəmi 2 heç-heçəsi olan komanda 12 görüşdə də məğlub olub. Adana klubu elitanı tərk etməyə əsas namizədlərdən biri hesab edilir.
Qeyd edək ki, hər üç klubun cəzalanmasına maliyyə problemləri səbəbindən keçmiş oyunçularına olan borclarını ödəyə bilməməsi səbəb olub.


