“Elfsborq” – “Qarabağ” matçı portuqal hakimlərə tapşırıldı

Futbol üzrə Avropa Liqasında Liqa mərhələsinin “Elfsborq” – “Qarabağ” matçının hakim təyinatları müəyyənləşib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

Oyunun baş hakimi FIFA referisi Antonio Nobre olacaq. Ona yan xətt hakimləri Pedro Ribeyro və Nelson Pereyra kömək edəcəklər. Andre Narkizo isə VAR-da çalışacaq.

Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.

Onu da vurğulayaq ki, Antonio Nobre azərbaycanlı futbolsevərlər üçün tanış referidir. O, daha əvvəl Azərbaycanın U-21 milli komandasının oyununa təyinat alıb. 36 yaşlı referi 2019-cu ildə yığmamızın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub. Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib. UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, UEFA Millətlər Liqasında 1 oyun həvalə edib.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də keçiriləcək. Oyuna dekabrın 13-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-də start veriləcək.

Keçirdiyi ilk beş oyunda bir qələbə qazanıb, dörd məğlubiyyətə üzülmüş Azərbaycan çempionu hazırda 3 xalla 32-ci sırada qərarlaşıb. Beş turda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görmüş İsveç təmsilçisi isə 4 xalla 28-ci yerdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: