“Barselona”da Ronald Arauxo sevinci

“Barselona”nın yayda aldığı zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan müdafiəçisi Ronald Arauxo sağalıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçunun adı komandanın hətta UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində bu gün baş tutacaq “Borussiya” (Dortmund) ilə matçın sifariş ərizəsinə də salınıb. Uruqvaylı müdafiəçinin Almaniya klubu ilə matçda meydana çıxmaq ehtimalı var.

Xatırladaq ki, Ronald Arauxo sağ diz vətərindən aldığı zədə səbəbindən bu ilin iyul ayında cərrahi əməliyyat keçirib. O, Uruqvay yığmasının heyətində Amerika Kubokunda çıxış edərkən, Braziliya millisi ilə yarışın 1/4 final oyununda (0:0, penaltilərlə 4:2) zədələnmişdi.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. 2023/2024-cü illər mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə o, məhz zədə səbəbindən hələ debüt etməyib.

Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı uruqvaylı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: