Hansi Flik Rafinyanı “Borussiya” ilə oyunda niyə əvəz edib?

“Barselona”nın baş məşqçisi Hansi Flik Dortmund “Borussiya”sı ilə səfər oyununda Rafinyanı əvəzləməsinin səbəbini açıqlayıb.

Arena.az xatırladır ki, “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun Dortmund “Borussiya”sı ilə səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın 71-ci dəqiqəsində “blauqrana”nın liderlərindən biri, braziliyalı cinah hücumçusu Rafinya şübhəli zədə səbəbindən əvəzlənib. Kataloniya təmsilçisinin almaniyalı baş məşqçisi matçdan sonra braziliyalı oyunçunun durumu ilə bağlı bunları söyləyib:

“Rafinhanın heç bir zədəsi yoxdur. Bu, zədə deyildi. Sadəcə, çox yükləndiyi üçün yorğun idi”, deyə Hansi Flik əvəzetməsini əsaslandırıb.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 23 oyun keçirib, 17 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 110 oyun, 37 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: