Məşhur italyan mütəxəssis Fabio Kapello “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola haqda fikrini bildirib.
Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Qvardiola əla məşqçidir, amma o, çox təkəbbürlü və özünəarxayındır.
Bəzən o, hətta qənimətləri də əldən verirdi, çünki sübut etmək istəyirdi ki, oyunçular deyil, məhz o, qalib gəlir, ona görə də vacib oyunlarda əsas oyunçuları kənarlaşdırırdı. Fikrimcə, bu, diqqəti və şöhrəti komandasına deyil, özünə yönəltmək cəhdi idi”, deyə Kapello vurğulayıb.
Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 496 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 73 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:459 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.
15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb.


