Cud Bellingem: “Özümə əminəm, bu ruhda da davam etməliyəm”

“Real”ın ingilis hücumameylli yarımmüdafiəçisi Cud Bellingem son vaxtlar daha keyfiyyətli və məhsuldar nəzərə çarpan öz oyununu şərh edib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, ingilis ulduz futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən çoxlu qollar vururam, daha da yaxşı oynayıram, özümü çox yaxşı hiss edirəm və çox özünəinamlıyam. İndi mənə, bunu bu ruhda da davam etdirmək gərəkdir. Çempionatın növbəti oyunu La Liqada çıxışımızı davam etdirmək baxımından çox vacibdir”, deyə Bellingem vurğulayıb.

Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib.

“Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib.

Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cari mövsümdə isə Bellingem “Real” üçün 19 oyun keçirib, 6 qol vurub, 6 məhsuldar ötürmə verib.

Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətindəki ümumi göstəriciləri belədir: 61 oyun, 29 qol və 19 məhsuldar ötürmə.

Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: