Tomas Tuxel Koul Palmeri qiymətləndirdi

İngiltərə yığmsının baş məşqçisi Tomas Tuxel “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmer haqda fikrini açıqlayıb.

Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Palmer mütləq idman formasındadır, bununla hamı razılaşar. Ümidvaram ki, o, hələ də inkişaf edə və öz səviyyəsini daha da yüksəldə bilər. Əgər belədirsə, onda hər şey yaxşı olacaq”, deyə Tomas Tuxel vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə İngiltərə yığmasının baş məşqçisi təyin edilmiş Tuxel bu komandadakı fəaliyyətinə 2025-ci ilin əvvəlində başlayacaq.

Xatırladaq ki, Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib. Palmerin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 62 oyun keçirib, 36 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi izləyin: