Rafinya: “Bunun günahkarı özümüzük”

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya son dövrlərdə komandasının nəticələrinin zəifləməsindən danışıb.

Arena.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu oyun səviyyələrinin aşağı düşdüyünü bildirib:

“Bunun günahkarı yalnız bizik. Komanda zəif futbol sərgiləyir. Səviyyəmiz aşağı düşüb. Təbii ki, yorğunluğun da rolu var. Bəzi oyunlarda çox da yorulmadıq desəm, yalan olar. Xallarımızın azalmasının əsas səbəbi budur”.

Rafinya onu da bildirib ki, “blauqrana”nın heyətində, uğrunda mübarizə apardığı bütün qənimətləri qazanmaq istəməyən futbolçular olmamalıdır:

“Barselona”da oynayırsansa, hər şeyi qazanmaq barədə düşünməlisən. Əgər belə düşünmürsənsə, deməli, yanlış komandadasan”.

Xatırldaq ki, İspaniya La Liqasında 18 oyunda 38 xal toplamış “Barselona” zirvədə qərarlaşıb. 17 oyundan 38 xal toplamış Madrid “Atletiko”su isə yarış cədvəlində 2-ci pillədə qərarlaşıb və potensial lider hesab olunur.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 24 oyun keçirib, 17 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 111 oyun, 37 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: