Futbol üzrə Ekvador milli komandasının və “Bayer”in müdafiəçisi Pyero İnkapye Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinin müddəti 2029-cu ilin yayınadək artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər idi.
Pyero İnkapye 2021-ci ilin avqust ayında Argentinanın “Atletiko Talyeres” klubundan 6,35 milyon avro qarşılığında “Bayer”ə transfer olunub. Gənc futbolçu Leverkuzen təmsilçisinin heyətində cari mövsümdə 23 oyuna çıxıb, 1 qola imza atıb. İnkapyenin “Bayer”dəki ümumu statistikası 142 oyun, 5 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Müdafiənin sos cinahında da oynamağı bacaran universal futbolçu, daha öncə “Atletiko Talyeres”dən əlavə, yetirməsi olduğu “İndependyente del Valye” klubunun da formasını geyinib.
Pyero İnkapye 2021-ci ilin iyun ayında debüt etdiyi Ekvador yığmasında 43 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


