Daniel Karvaxal: “Bu zədə yolumda sadəcə daha bir daş parçasıdır”

Madrid “Real”ının ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal sağ dizindən aldığı zədə ilə bağlı duyğularını paylaşıb.

Arena.az “Esquire Espana” dərgisinə istinadən məlumat verir ki, Karvaxal ağır zədəsinə rəğmən, nikbin fikri ilə diqqət çəkib:

“O anda dizimin dağıldığını hiss etdim, pis və tez danışırdım. Bu, ciddi zədə idi, amma bu, işin bir hissəsidir və biz baş vermişlərdən xəbərdar olmaqla, ancaq həvəs və istəklə onunla üz-üzə gəlməli oluruq. Bu, yolumda sadəcə daha bir daş parçasıdır”, deyə Karvaxal qətiyyətlə bildirib.

Xatırladaq ki, Dani Karvaxal İspaniya La Liqasının 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) ağır zədələnmişdi.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.

Karavaxalın zədələndikdən sonra “Real” futbolçusuna etimadını və dəstəyini nümayiş etdirərək, cari mövsümün sonuna qədər olan müqaviləsinin müddətini 2026-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: