Madrid “Real”ının ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal yüksək səviyyəli klubların ağır təqvimindən söhbət açıb.
Arena.az “Esquire Espana” dərgisinə istinadən məlumat verir ki, ispan futbolçu ağır təqvimin oyunçulara göstərdiyi təsir haqda da fikrini bildirib:
“Bu, çox mürəkkəb bir mövzudur. Əvvəl-axır, mövsümə öz klubunda başlayan, üç yarışda və eyni zamanda milli komandada çıxış edən, yüksək səviyyəli klublardan olan oyunçuların sayı çox azdır. Söhbət 50-60 futbolçudan gedir. Bu 50 nəfərin çəkdiyi yük, məsələn, “Leqanes”in oyunçusunun yükü ilə eyni xüsus deyil.
“Daha asan təqvim tərtib etməliyik”
Biz də görürük ki, bu qədər oyunda futbolçular daha tez-tez zədələnirlər. “Gedib bu oyuna baxmaq istəyirəm” deyən çoxlu dostlarım və tanışlarım var. Onlar Vinisius, Mbappe, Bellingem kimi oyunçuları çıxışını ən yaxşı vəziyyətdə görmək istəyirlər. İnsanlar yorğun görünməyimizi və zəif oynamağımızı istəmirlər. Ona görə də daha asan təqvim tərtib etməliyik”, deyə Karvaxal fikrini əsaslandırıb.
Xatırladaq ki, Dani Karvaxal İspaniya La Liqasının 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) ağır zədələnib və hazırda bərpası ilə məşğuldur.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.
Karavaxalın zədələndikdən sonra “Real” futbolçusuna etimadını və dəstəyini nümayiş etdirərək, cari mövsümün sonuna qədər olan müqaviləsinin müddətini 2026-ci ilin iyun ayının sonuna qədər uzadıb.
Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


