Lamin Yamal: “Hansi Flik mənə Fransaya qol vuracağımı demişdi”

“Barselona”nın cinah hücumçusu Lamin Yamal “blauqrana”nın baş məşqçisi Hans-Diter Flikin güclü tərəfləri ilə bağlı sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinin “Barça One” dərgisinə istinadı əsasında, 17 yaşlı ispan futbolçunun 59 yaşlı alman mütəxəssis haqda müvafiq cavabını təqdim edir:

“Flik yaxşı məsləhətlər verir və özünəgüvənc yaradır. Meydana girməzdən əvvəl gərək olan hər bir xüsusu izah edir. Sözlər üçün doğru məqamı necə tutacağını bilir. Flik mənə, komanda üçün əhəmiyyətimə inanmağımı həmişə söyləyir. Özünə arxayın olmaq və bir azacıq da eqoist olmaq yaxşıdır. Həmçinin Avropa çempionatı zamanı o, messencerdə yazıb mənə uğurlar diləmiş və Fransaya qol vuracağımı demişdi”, deyə Lamin Yamal bildirib.

Xatırladaq ki, “Hansi” Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 25 oyuna 17 qələbə qazanıb, 2 oyunda heç-heçə edib və 6 məğlubiyyət yaşayıb. “Blauqrana”nın top fərqi isə 72:29 nisbətindədir.

Alman mütəxəssisin çalışdırdığı “blauqrana” 19 oyundan 38 xalla İspaniya La Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: