“Real”ın baş məşqçisi Karlo Ançelotti “Komo”nun argentinalı yarımmüdafiəçisi Nikolas Pasın cari mövsümdəki çıxışını şərh edib.
Arena.az italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Niko Pas çox izlədiyimiz bir oyunçudur. O, həqiqətən yaxşıdır, çox istedadlıdır. Bu il “Real”dan uzaq məşq ona yaxşı təsir edib. Onun “Real”ın gələcəyi ola biləcək oyunçu olduğuna inanırıq”, deyə Karlo Ançelotti vurğulayıb.
Xatırladaq ki, Niko Pas futbola “Tenerife”də başlasa da, “Real”ın yetirməsi hesab olunur. O, Madrid klubunun əsas komandasında 8 oyuna çıxıb, 1 qola imza atıb.
“Komo” Niko Pası 2024-cü ilin avqust ayında 6 milyon avro müqabilində transfer edib. 19 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, cari mövsümdə İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 3 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Niko Pas “Real”ın heyətində UEFA Çempionlar Liqasının (2023/2024), İspaniya La Liqasının (2023/2024) və İspaniya Super Kubokunun (2023/2024) qalibi olub.
Yarımmüdafiəçi Argentinanın U-20 və U-23 yığmalarında oynayıb. 2024-cü ilin oktyabr ayında əsas millidə də debüt etmiş Pas, Argentina yığmasındakı ilk oyununda məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


