Pioli: “Ronaldoya hamıya yanaşdığım kimi yanaşa bilmirəm”

“Əl-Nəsr”ın baş məşqçisi Stefano Pioli ərəb klubunun portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo ilə işləməsi haqda söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən yarımca saat tez gəlsəm, o, artıq 25 dəqiqə də tez gəlmiş olur. Həmişə avtobusa birinci minən də o olur. O, özündən və başqalarından çox xüsus tələb edən mükəmməl bir insandır.

Ronaldo komanda üçün yaşayır, kömək edir, məsləhətlər verir. Bəzən mən ona futbolçularla danışmağa icazə verirəm. Mən onunla başqaları kimi davrana bilmərəm, amma o, ağıllıdır və öz roluna və mənim roluma hörmətlə yanaşır”, deyə Pioli razılıqla vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: