Futbol üzrə Sloveniya yığmasının və İtaliyanın “Udineze” klubunun müdafiəçisi Yaka Biyol ilə bağlı transfer xəbərləri səngimək bilmir.
Arena.az xəbər verir ki, bu mənzərədə futbolçunun maraqlarını təmsil edən agenti Robert Çibej cari qış transfer pəncərəsində Biyolun hər hansı keçid ehtimalını qiymətləndirib
“Aparıcı klublar, o cümlədən İtaliyada, uzun müddətdir ki, Yaka ilə maraqlanırlar, amma onun bu qış “Udineze”dən ayrılacağı ehtimalı azdır. Hazırda dərc edilənlərə görə, Avropanın ən yaxşı klubuna mümkün keçidlə bağlı bütün xəbərlər şayiələrdir. Belə bir keçid baş tutsa, çox güman ki, yayda olacaq”, deyə Çibej vurğulayıb.
Xatırladaq ki, Biyol “İnter”in ciddi maraq dairəsindədir. Digər klubların da onu heyətində görmək istədiyinə dair xəbərlər var.
Yaka Biyol “Dravoqrad” və “Bravo” klublarının yetirməsidir. Peşəkar karyerasına “Rudar”da başlamış futbolçu ÇSKA (Moskva), “Hannover” kimi klublarda da çıxış edib. “Udineze” 25 yaşlı futbolçunu 2022-ci ilin iyul ayında ÇSKA-dan 4 milyon avro müqabilində transfer edib. Onun İtaliya klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Yaka Biyol cari mövsümdə “Udineze”də uğurlu çıxışı ilə diqqət mərkəzindədir. O, meydana çıxdığı 20 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Biyolun “Udineze”nin heyətindəki çıxışı 78 oyun, 5 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Yaka Sloveniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2018-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Yarımmüdafiəçi Sloveniya millisinin heyətində meydana çıxdığı 59 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Yaka Biyolun futboldakı yeganə titulu ÇSKA ilə qazandığı Rusiya Super Kubokudur (2018-2019).
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


