Futbol üzrə Almaniya millisinin və London “Arsenal”ının mərkəz hücumçusu Kay Haverts uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Belə ki, “Arsenal” Kay Havertsin zədələndiyi haqda rəsmi bəyanatla çıxış edib. London təmsilçisi alman futbolçunun cari mövsümün sonuna qədər müddətə sıradan çıxdığını təsdiqləyib:
“Biz təsdiqləyə bilərik ki, Kay Haverts ötən həftə Dubaydakı məşq zamanı dizaltı vətərindən zədə alıb. Növbəti müayinələr və mütəxəssislərlə məsləhətləşmələr, zədənin yaxın günlərdə baş tutacaq cərrahi müdaxilə tələb etdiyini təsdiqləyib. Cərrahi əməliyyatdan dərhal sonra Kay sağalma və bərpa proqramına başlayacaq. Bu da gözlənilir ki, növbəti mövsümün mövsümöncəsi hazırlığına qədər davam edəcək.
Klubda hamı Kayı dəstəkləməyə və onu mümkün olduqca tez bir müddətdə tam döyüş hazırlığına qaytarmaq üçün köklənib”, – “topçular”ın bəyanatında deyilir.
Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro məbləğ müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 34 oyuna çxııb, 15 qol vurub, 5 məhsuldar ötürmə verib.
Havertsin “topçular” üçün çıxışının ümumi mənzərəsi 85 oyun, 29 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
Alman futbolçu “topçular”la İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub, həmçinin həmin mövsüm İngiltərə Premyer Liqasını gümüş medalını qazanıb.
Kay Haverts 2018-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 55 oyuna 20 qol, 17 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı alman hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


