İngiltərənin “Mançester Yunayted” klubunun sol cinah müdafiəçisi Tayrell Malasia yenidən Niderland çempionatına qayıdıb.
Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı niderlandlı futbolçunu PSV-yə icarəyə veriblər.
Eyndhoven təmsilçisi Malasianı bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, “Mançester Yunayted” Tayreli 2022-ci ilin iyulunda Niderlandın “Feyenoord” klubundan 15 milyon avroya transfer etmişdi. Niderlandlı futbolçunun Premyer Liqa nəhəngi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var. O, “qırmızı şeytanlar”ın əsas komandasında heç nə ilə yadda qalmadığı 47 oyuna çıxıb.
Tayrell Malasia “Feyenoord”un öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında çıxış etməyə başlayıb. Sol cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 136 matçda 4 qol da vurub. Müdafiəçi 2021-ci ilin sentyabr ayından cəlb olunduğu Niderlandın əsas milli komandasında 9 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, PSV-nin sol cinah müdafiəçisi Fredrik Oppeqor da Fransanın “Oser” klubuna keçib. Eyndhoven təmsilçisi bu satışdan 500 min avro qazanıb. 22 yaşlı norveçli futbolçu Liqa 1 təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.
“Valerenqa”nın yetirməsi olan Fredrik Oppeqor 2019-cu ildən PSV-də çıxış edirdi. O, bu müddət ərzində “Qou Ehed İqlz” və “Herakles”də icarədə də olub. PSV-nin əsas komandasında 20 oyun keçirmiş müdafiəçi fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


