İspaniyada baş vermiş, idman və insanlıq adına yaraşmayan xoşagəlməz hadisə ictimaiyyətin qəzəbinə tuş gəlib.
Arena.az “COPE” dərgisinə istinadən məlumat verir ki, İspaniya La Liqasının 24-cü turunun “Vilyarreal” – “Valensiya” oyunundan (1:1) sonra yerli komandanın iki azarkeşi naməlum şəxslərin hücumuna məruz qalıb.
Hadisə oyunun keçirildiyi “Keramika” stadionu yaxınlığında baş verib. Qara geyimli, kapüşonlu bir neçə şəxs “Vilyarreal”ın ümumi dəstədən ayrı gəzişən iki azarkeşinə hücum çəkərək, onları döyüb şil-küt edib. Bu qəziyyəni görmüş digər azarkeşlərin köməyə tələsdiyini sezmiş alçaqlar hadisə yerindən qaçıb aradan çıxıblar. Azarkeşlər döyülmüş şəxslərə ilkin yardım göstərməyə çalışıblar, bu əsnada, zərərçəkmişlərin əlilliyi olan şəxlər olduğu məlum olub.
Hadisə yerinə təcili tibbi yardım və polis çağırılıb. Zərərçəkmişlər xəstəxanaya təxliyə ediliblər. Polis hadisə ilə bağlı təhqiqata başlayıb, şahidlər dindiriliblər, yerli video-müşahidə sistemlərinin müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılıb.
Xəstəxanadan alınmış məlumata görə, azarkeşlərdən biri çənəsindən qüvvətli zərbə alıb, bol qanaxma ilə üzləşib. Digər zərərçəkmiş isə qorxudan bayılaraq ağır sarsıntı yaşayıb.
Yerli hakimiyyət baş vermiş bu xuliqanlığı pisləyib, hüquq-mühafizə orqanları cinayətkarların tapılıb cəzalandırılacağını bəyan ediblər.


