Qvardiola çalışdıra bilmədiyi üçün təəssüfləndiyi futbolçunu açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çalışdıra bilmədiyi üçün təəssüfləndiyi futbolçu haqda söhbət açıb.

Arena.az məlumat verir ki, ispan mütəxəssis bu barədə “My Greatest 11” kanalının, “X” sosial şəbəkəsi üzərindən dərc etdiyi, Rio Ferdinandla müsahibəsi zamanı danışıb:

“Mançester Yunayted”də oynamış bütün oyunçulardan mən Pol Skoulzu seçərdim. O, öz nəslinin sadəcə ən yaxşı yarımmüdafiəçisi idi. Mən onu çalışdırmağı xəyal edirdim. Pol Skoulz və Rayan Giqqz – əla oyunçulardır. Onlar komanda üçün istiqamət nişanları idilər”, deyə Qvardiola vurğulayıb.

Pol Skolz “Mançester Yunayted”in əfsanəsidir. İngilis futbolçu 1993-2011-ci və 2012-2013-cü illərdə “qırmızı şeytanlar”ın heyətində çıxış edib. Bu iki müddət arasında Skoulz karyerasını bitirib, amma qısa müddət sonra yenidən futbola qayıdıb, daha sonra futbolçu karyerasına xitam verib. Skoulz “Mançester Yunayted”in heyətində ümumilikdə 716 oyuna çıxıb, 155 qol və 83 məhsuldar ötürmə ilə fərqlənib.

Skoulz “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını (11 dəfə), İngiltərə Kubokunu (4 dəfə), İngiltərə Liqa Kubokunu (2 dəfə), İngiltərə Super Kubokunu (5 dəfə), Çempionlar Liqasını (2 dəfə), Qitələrarası Kuboku və FIFA Klub Dünya Kubokunu qazanıb.

Pol Skoulz 1997-ci ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 66 oyuna 14 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: