Cengiz Ündər “Fənərbağça”nı MLS klubuna dəyişdi

Futbol üzrə Türkiyə millisinin və “Fənərbağça”nın sağ vingeri Cengiz Ündər bundan sonra Amerika Birləşmiş Ştatlarında çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı türkiyəli futbolçu MLS təmsilçisi “Los Anceles”ə keçib. ABŞ klubu Cengizi bu mövsümün sonuna (2025-ci ilin 30 iyununa) qədər icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub. Amma yarım mövsümlük icarə üçün “Fənərbağça”ya 1,2 milyon avro ödəyəcək “Los Anceles”in birdəfəlik transferə nə qədər xərc çəkəcəyi bilinmir.

Xatırladaq ki, Cengiz “Fənərbağça”ya 2023-cü ilin avqustunda Fransanın “Olimpik” (Marsel) klubundan keçib. Türkiyə nəhənginə 15 milyon avro qarşılığında transfer olmuş Ündərin İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Cengiz Ündər “Fənərbağça”da 42 oyun keçirib. O, bu oyunlarda 9 qol və 3 assistlə yadda qalıb. Türkiyəli futbolçu daha öncə “Roma”, “Lester Siti”, “Başakşəhər” və “Altınordu” klublarının da formasını geyinib.

Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Cengiz 2016-cı ilin noyabrında əsas millidə debüt edib. O, Türkiyə millisində bütövlükdə 51 oyuna çıxıb, 16 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: