Lautaro Martines – “İnter”in ÇL-də ən sərrast qolçusu!

UEFA Çempionlar Liqasının 1/8 finalının “Feyenoord”la ilk oyunu “İnter”in mərkəz hücumçusu Lautaro Martines üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Martines “neradzurri”nin 2:0 hesablı səfər qələbəsinə vurduğu qolla töhfəsini verib.

Martines qitənin ən mötəbər klub yarışı çərçivəsində “İnter” üçün 53-cü oyununda vurduğu qolların sayını 18-ə çatdırıb. Beləliklə, Martines “İnter”in Çempionlar Liqasında (həmçinin Avropa Çempionlar Kuboku) ən sərrast qolçusu ünvanına sahib olub.

Xatırladaq ki, əvvəlki rekord “İnter”in əfsanəsi, italyan keçmiş hücumçu Sandro Matsolaya məxsus idi. Matsola 1961-1977-ci illər aralığında “neradzurri”nin heyətində Avropa Çempionlar Kubokunda 38 oyun keçirmiş, 17 qol vurmuşdu.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 37 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 319 oyun, 146 qol, 49 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: