Xavi “Barselona”dakı səhvlərini etiraf etdi

“Barselona”nın keçmiş baş məşqçisi Xavi çalışdırdığı müddətdə “blauqrana”da səhvlərə yol verdiyini etirafı ilə diqqət çəkib.

Arena.az “France Football” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Etiraf edirəm ki, mən bir neçə idarəetmə xətasına yol vermişəm. Serxio Busketsin (ispan dayaq yarımmüdafiəçisi – redaktorun qeydi) gedişi bizi, komandanın oyun üslubu haqda yenidən düşünməyə məcbur etdi. Mən yarımmüdafiədə üç hücumameylli oyunçu ilə oynamağa üstünlük verirdim, amma bu, heç də həmişə ən yaxşı şeçim deyildi.

Amma, əgər mənim xidmət siyahıma göz yetirsək, – mən bura özümün məşqçilər qərargahımı da daxil edirəm, – bu, çox müsbətdir. “Barselona” öz tarixinin ən pis dövrlərindən birini yaşayırdı, ola bilsin ki, elə, minilliyin əvvəlindəkindən də pis.

Mənim “Barselona”dakı tarixçəm səbəbindən, gözləntilər çox yüksək idi. Güman ki, mənim kluba dərin duyğusal bağlılığım mənə ağrı yaşadırdı, vaxtaşırı mən həddən ziyadə duyğusal olurdum, bu təcrübə isə mənim üçün əsl ibrət dərsi oldu”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

2022/2023-cü illər mövsümündə ispan mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək 45 yaşlı mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: