“Şeffild Yunayted” klubu bu mövsümün sonunda futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək.
Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 32-ci turu çərçivəsində baş tutan “Vulverhempton”la səfər oyunundan sonra dəqiqləşib.
Bu oyunda rəqibinə 0:1 hesabıyla uduzan “Şeffild Yunayted”in növbəti mövsümdən Çempionşipdə mübarizə aparacağı dəqiqləşib.
Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı “Şeffild Yunayted” Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. Mövsüm ərzində 17 qol vurub 56 top buraxan komandanın ən yaxşı bombardiri irlandiyalı Devid Makqoldrikdir. Onun hesabında cəmi 6 qol var.
Habelə “Vest Bromviç” (24 xal) ilə “Fulhem” (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində “Norviç Siti”nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.
“Şeffild Yunayted” 2019/20 mövsümündən etibarən Premyer Liqada mübarizə aparırdı. Bu komanda sonuncu dəfə 2006/07 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq elitanı tərk etmişdi. 2007-ci ildən 2019-cu ilə qədər bu komanda həm Liqa 1-də, həmd ə Çempionşipdə 6 mövsüm keçirib.


