Flik “Barselona”nın trebl qazanmaq şanslarından danışdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blaqrana”nın cari mövsümdə trebl qazana biləcəyi ehtimalı ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Biz xəyal edə bilərik, amma nə istədiyimiz üzərində köklənməliyik. Biz evə qayıdacaq, yatıb-dincələcək, sabah isə bərpa ilə bağlı məşqlərə başalayacağıq. Növbəti rəqibimiz “Betis”dir. Qarşıdakı bir neçə həftə asan olmayacaq, amma bizim fantastik komandamız var. Klub və azarkeşlər komanda ilə qürur duya bilərlər”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Flikin “Barselona”sı cari mövsümdə çıxış etdiyi bütün yarışlarda qalibiyyət iddiasını sürdürür.

“Barselona” 29 oyundan 66 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.

“Blauqrana” İspaniya Kral Kubokunun finalına da yüksəlib və burada əzəli rəqibi Madrid “Real”ı ilə qarşılaşacaq.

Çempionlar Liqasında isə “Barselona” yarışın 1/4 final mərhələsində Dortmund “Borussiya”dı ilə qarşılaşacaq.

Üstəlik, “Barselona” cari mövsümdə bir qənimət qazanmağı bacarıb. “Blauqrana” İspaniya Super Kubokunun finalında əzəli rəqibi “Real”ı 5:2 hesabı ilə məğlub edərək, 2025-ci il üçün qəniməti muzeyinə aparıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: