Eldəniz Əzizli Bratislavada Avropa ikincisi oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Eldəniz Əzizli Slovakiyada keçirilən Avropa çempionatında gümüş medalla kifayətlənib.

Arena.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunmuş Avropa çempionatı davam edir.

Yarışın 6-cı günündə yunan-Roma güləşçiləri arasında ilk mükafatçılar müəyyənləşiblər. Azərbaycan pəhləvanlarından dördü günü medalla bitirmək üçün güləşib. Onlardan ikisi fəxri kürsüdə yer alıb. Finalda uduzan Eldəniz Əzizli gümüş medalla kifayətlənibsə, İslam Abbasov “bürünc” qazanıb.

Avropa çempionatı
Yunan-Roma güləşi
12 aprel

55 kq
Eldəniz Əzizli finalda Emin Seferşayev (UWW) ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Rəqib idmançı keyfiyyətli xal prinsipinə uyğun qalib elan olunub.

63 kq
Murad Məmmədov bürünc uğrunda qarşılaşmada Vitali Yeryomenko (Moldova) ilə üz-üzə gəlib. Məğlub olan təmsilçimiz yarışı medalsız başa vurub.

87 kq
İslam Abbasov 3-cü yer uğrunda görüşdə Yaroslav Filçakovu (Ukrayna) sınağa çəkib. İdmançımız 2:1 hesabı ilə qalib gələrək, bürüncə sahib olub.

130 kq
Beka Kandelaki təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan) 2:0 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Jello Kramerlə üz-üzə gələn güləşçimiz görüş 1:1 başa çatmasına baxmayaraq, keyfiyyətli xal prinsipinə görə uduzub.

Qeyd edək ki, sabah – Avropa çempionatının sonuncu günündə 3 yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: