“Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik hücumçular – Robert Levandovski ilə Kristiano Ronaldonu müqayisə edib.
Arena.az “Goal” dərgisinə istinadən, alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bu yaşda müvafiq səviyyədə oynayanda… Bir tərəfdən hər şey fiziki formaya dayanır, digər tərəfdən isə – o, özünə çox qulluq edir. Kristiano Ronaldo kimi, onun da əla bədəni var. Robert əsl peşəkardır və münasib nəticələrə müvəffəq olmaq üçün bütün amillərə nəzarət edir”, deyə Hansi Flik vurğulayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 46 oyuna çıxıb, 40 qol vurub və 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 141 oyun, 99 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 157 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


