Neymar yenə zədələndi, meydanı göz yaşları ilə tərk etdi

Braziliya A Seriyasının “Atletiko Mineyro” ilə 4-cü tur ev oyunu (2:0) “Santos”un braziliyalı ulduz hücumçusu Neymar üçün xoşagəlməz bitib.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, “Ney” yenə də zədələnərək meydanı göz yaşları içində tərk edib.

Hücumçu mart ayından onu narahat etmiş, sol ombasının təkrar zədəsi ilə üzləşib.

Xatırladaq ki, məhz bu zədə səbəbindən “Ney” Braziliya millisinin yaz təlim-məşq toplanışından kənarda qalmışdı.

Zədələnmiş futbolçu meydanı sərbəst surətdə tərk edə bilməyib. Hər iki komandanın oyunçuları göz yaşları içində boğulan ulduza dəstək olublar və köməkli surətdə onun meydanı tərk etməsində iştirak ediblər.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 9 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 234 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: