“Barselona”nın 28 yaşlı braziliyalı cinah hücumçusu Rafinya həmyerlisi, “baluqrana”nın keçmiş hücumçusu Neymarın rekordunu qırıb.
Arena.az məlumat verir ki, söhbət Avropanın böyük futbol beşliyi ölkələrində çıxış edən braziliyalı oyunçular arasında bir mövsüm ərzində göstərilmiş səmərədən gedir.
Braziliyalı hücumçunun hesabında bir mövsüm ərzində 53 səmərəli fəaliyyət var. O, cari mövsümdə bütün yarışlar çərçivəsində 30 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib. Neymar isə 2015/2016-cı illər mövsümündə “Barselona”nın heyətində 31 qol 20 məhsuldar ötürməyə imza atmışdı – 51 səmərəli fəaliyyət.
Əlavə edək ki, üçüncü nəticə də Neymara məxsusdur. “Ney” 2017/2018-ci illər mövsümündə PSJ-də çıxış edərkən, 44 səmərəli fəaliyyətə imza atmışdı – 28 qol, 16 məhsular ötürmə.
Göründüyü kimi, Rafinya şəxsi rekordunu daha da yaxşılaşdıra bilər. Cari mövsümün sonuna qədər o, ən azı İspaniya La Liqasının altı oyununda, Çempionlar Liqasının iki yarımfinal oyununda və İspaniya Kral Kubokunun finalında çıxış edə bilər.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” onu 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 48 oyun keçirib, 30 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 135 oyun, 50 qol və 48 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


