Rəşad Sadıqov: “Yalnız avrokuboklara vəsiqə haqda düşünürük”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib 3 xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. İki top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqda oyunçularımıza məlumat vermişdik. Onlara rəqibin baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq və qalib gəldik”.

“Zirə” bu gün qalib gəlməsəydi, “Qarabağ”ın çempionluğu rəsmiləşəcəkdi. Amma Rəşad Sadıqov bu məqam barədə düşünmədiklərini vurğulayıb:

“Bu barədə heç düşünmürdük. Aydın məsələdir ki, onlar çempiondurlar. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca, müəyyən stress olacaq”.

Rəşad Sadıqov keçmiş komandası “Kocaelispor”un yenidən Türkiyə Super Liqasına qayıtmasına da münasibət bildirib:

“Onların Super Liqaya qayıtmasına çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. “Bursaspor”, “Kocaelispor” kimi komandalar yüksək liqada oynamağa layiqdirlər”.

Rəşad Sadıqov yeni mövsümdən Premyer Liqada legioner limitinin tətbiq edilməməsinin onların planlarına heç bir təsir etməyəcəyini vurğulayıb:

“Rəqabət olacaq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerli oyunçularımız var. Danışıq apardığımız futbolçular da var. Amma çox futbolçu bizimlə davam edəcək”.

“Heç kim istəməzdi ki, oyuna 6-7 dəqiqə qalmış belə səhv olsun”

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Zirə” elə-belə 2-ci yerdə qərarlaşmayıb. “Sumqayıt” da bu matçda yaxşı futbol nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda bu gün futbol oynadı. İnanıram ki, komandamız bu cür oyunla, belə komandalara qarşı mübarizə aparmaqla daha da möhkəm olacaq. Növbəti oyunlarda da bu cür oyun olmasını istəyirəm. “Zirə”yə uğurlar arzulayıram. Çətin oyunlarımız var. Ona hazırlaşacağıq.

Heç kim istəməzdi ki, oyuna 6-7 dəqiqə qalmış belə səhv olsun. Biz də ikinci hissədə üstünlüyü ələ keçirmişdik. Belə epizodda səhv buraxdıq. Futboldur. Yerli və ya əcnəbi olsun, mənim üçün hamısı eynidir, hamısına güvənirəm. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərəm. Meydançada nə etmək istədiklərini yaxşı bilirlər. Növbəti oyunlarda daha yaxşı oynayaraq, epizodlarımızı qola çevirərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: