“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior “qaymaqlılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı söhbət açıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, “Vini”nin müvafiq fikrini təqdim edir:
“Mən bu məqama inadkar əməyim, çoxsaylı qurbanlar və bu klubdakı hamının – məşqçilərin, prezidentin, oyunçuların köməyi sayəsində müvəffəq olmuşam və mən bu ruhda da davam etməliyəm. Çünki burada uzun müddətə qalmaq istəyirəm və ümidvaram ki, sonralar da tarix yaratmağa davam edə biləcəyəm.
Biz işləməyə davam etməliyik, qalib gəlməyə davam etməliyik və etdiyimizi etməyə davam etməliyik, bu köynəkdə bütün hər şeydə məhz qalib gəlməliyik. Bu, tarixdir, mən isə tarixə daxil olmaq və görkəmlilərdən biri olmaq istəyirəm”, deyə Vinisius vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 46 oyuna çıxıb, 20 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 311 oyun, 105 qol, 82 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


