Braziliya futbolunun əfsanəsi, keçmiş sağ cinah müdafiəçisi Kafu Braziliya millisinin sükanı arxasında Karlo Ançelottini görmək istəyir.
Arena.az “Marca” nəşrinə istinadən, Kafunun müvafiq qənaətini təqdim edir:
“Ançelottini Braziliya millisinin başında görmək əla olardı. Mən onunla beş il ərzində “Milan”da çalışmışam, odur ki, onun milli komandamıza nə verə biləcəyini bilirəm. Karlo görkəmli məşqçidir, hər bir milli yığma komanda onu öz düşərgəsində görməyə şad olardı.
Gözləmək və bizim futbol təşkilatımızın rəhbərlərinin hansı qərarı qəbul edəcəyini görmək gərəkdir. Ümidvaram, müvafiq məsələ mümkün qədər tez bir surətdə öz həllini tapacaq”, deyə Kafu vurğulayıb.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a ələndikdən (səfərdə 0:3; evdə 1:2) sonra, “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelottinin cari mövsümün sonunda Madrid klubundan istefaya göndəriləcəyi və italyan mütəxəssisin Braziliya millisinin sükanı arxasına keçəcəyi vurğulanır. Belə bir gedişatı mətbuat təxmin və iddia edir.
Gerçəyə gəlincə, əlavə edək ki, əvvəla, Karlo Ançelottinin gələcəyi mövsümün həlledici mərhələsində Madrid klubunda müzakirə mövzsusu deyil. Braziliya millisinə gəlincə, “seloasao”nu heç zaman əcnəbi mütəxəssislər çalışdırmayıblar, milli komandanın sükanı həmişə brazilyalı mütəxəssislərə həvalə edilib. Baş məşqçi seçimi fəsadlara tuş gəldikdə isə Braziliya millisini bir neçə mütəxəssisdən ibarət xüsusi məşqçilər qərargahı çalışdırıb. Təxmin edilir ki, Braziliya Futbol Konfederasiya (CBF) müvafiq tarixi təcrübədən yenə faydalana bilər.


