Braziliyalı futbol agenti Andre Karri “Real”ın 24 yaşlı braziliyalı ulduz hücumçusu Vinisus Junior haqda sirlərindən birini açıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, vaxtilə Madrid klubunun rəhbərliyi “Vini”yə “xırda ödəniş qəpiyi” olaraq münasibət bəsləyib və braziliyalı ulduzu Neymar və Kilian Mbappeni satın almaq üçün vəsait qismində görüb:
“Bəli, “Real” Kilian Mbappe və Neymarı satın almağa cəhd edib və o vaxt Vinisiusu “xırda ödəniş sikkəsi” olaraq baxışdan keçirirdi. O vaxt “Vini” hələ əsas heyətin oyunçusu deyildi, amma o nəhəng oyun imkanına malik idi. Mən bu tarixçəyə bələdəm, çünki Leonardo (PSJ-nin braziliyalı keçmiş idman direktoru – redaktorun qeydi) mənə demişdi ki, o, Vinisiusu bəyənir”, deyə Karri “açıb sandığı – töküb pambığı”.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 46 oyuna çıxıb, 20 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 311 oyun, 105 qol, 82 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


