“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoesin aşağı məhsuldarlığını şərh edib.
Arena.az məlumat verir ki, Qoes son vaxtlar məhsuldarlıqdan düşüb, braziliyalı hücumçu bütün yarışlar çərçivəsində “qaymaqlılar” üçün meydana çıxdığı son 21 oyunda cəmi 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
AS dərgisinin məlumatına görə, Ançelotti Rodriqo ilə bağlı ona ünvanlanmış suala cavabında braziliya futbolçuya etimadını ifadə edib:
– Rodriqonun fevral, mart və aprel ayları ərzində cəmi bir qol vurması amili… Bu, ona şənbə günü başlanğıc heyətdə meydana çıxmağa əngəl ola bilər?
– Statistika nöqteyi-nəzərindən, o, oynamalıdır. Bəli, o çoxdan qol vurmayıb… Amma o, adətən vacib oyunlarda fərqlənir. O, bunu dəfələrlə edib. Mən ona tamamilə inanıram.
Xatırladaq ki, şənbə günü, aprelin 26-da “Real” İspaniya Kral Kubokunun final oyununda əzəli rəqibi “Barselona” ilə qarşılaşacaq.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 49 oyuna 13 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 266 oyun, 68 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 33 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


