Ceymi Vardi “Lester Siti”dən ayrılmağa qərar verdi

“Lester Siti”nin əfsanəsi, 38 yaşlı ingilis veteran mərkəz hücumçusu Ceymi Vardi cari mövsümün bitməsilə “tülkülər”dən ayrılacaq.

Arena.az məlumat verir ki, “tülkülər”in kapitanı müvafiq qərarını, “Lester Siti”nin rəsmi “X” sosial şəbəkə hesabı üzərindən yayımlanmış videoçarxda açıqlayıb.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun” və “Flitvud Taun”da çıxış edib. “Lester Siti” Vardini 2012-ci ilin iyul ayında 1,24 milyon avro məbləğ müqabilində “Flitvud Taun”dan heyətinə qatıb.

Cari mövsümündə Vardi “tülkülər”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

Veteran kapitanın “Lester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 496 oyun, 198 qol, 69 məhsuldar ötürmədən ibarətdir.

Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

Vuğrulayaq ki, Vardi 13 ildir “tülkülər”in şərəfini qoruyur. Bir müddət Vardi İngiltərə Premyer Liqasında oynadığı oyunlarda məhsuldar fəaliyyətin ardıcıllıq sayına (15 oyun) görə rekordçu olub. Vardinin İngiltərə Premyer Liqasında vurduğu qolların (143 qol) 75%-i futbolçunun 30 yaşından sonraya təsadüf edir.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: