“Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik Madrid klubundan mümkün gedişi ilə bağlı sualı cavablayıb.
Arena.az məlumat verir ki, gənc hücumçunun yayda icarə əsasında “qaymaqlılar”ın düşərgəsini tərk edəcəyi haqda şaiyələr dolaşır.
“Həqiqət bundadır ki, mən dünya çempionatına düşə bilməyəcəyimdən çox qorxuram. Mənə bu qorxu hakimdir. Çünki bu, mənim arzumdur. Demək çətindir, axı mən dünya çempionatına düşmək və Braziliyaya altıncı qənimətini qazanmağa kömək etmək istəyirəm. Mən hər dəfə oynayanda, milli komandaya düşmək üçün öz səviyyəmi göstərmək imkanı qazanıram. Ümidvaram ki, növbəti ildə mən milli komandaya düşə biləcəyəm və əgər tanrı lütf etsə, biz dünya çempionatını qazanacağıq.
Əlbəttə, dünyanın ən böyük klubunda, ən yaxşı oyunçularla birlikdə olmaq – müntəzəm oynamaq imkanına malik olmamaq da çətindir”, – “Relevo” dərgisi gənc hücumçudan sitat gətirir.
Endrik “Palmeyras”ın yetirməsidir. “Real” onu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik “Real”ın heyətində ümumilikdə 33 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


