Aquero: “Xabi Alonso gec-tez “Real”ın sükanı arxsına keçəcək”

“Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aquero “Bayer”in ispan baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı fikrini bildirib.

Arena.az Aqueronun müvafiq fikrini təqdim edir:

“Məndə belə bir təəssürat var ki, Xabi Alonso gec-tez “Real”ın sükanı arxsına keçəcək. Bunun nə vaxt baş verəcəyinə əmin deyiləm. Amma onun Madriddəki oyunçu kçemişi və Bundesliqadakı əla işi ilə düşünürəm ki, bu, qismətdir”, deyə Aquero vurğulayıb.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Xabi Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 136 oyuna çıxarıb, 88 qələbə, 30 heç-heçə, 18 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 307:147 nisbətindədir.

30 oyundan 64 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: