“Bayer”in baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso “əczaçılar”ın sükanı arxasındakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən ispan mütəxəssisin müvafiq cavbını təqdim edir:
“Mən öz gələcəyimi müəyyənləşdirmək baxımından heç bir təzyiq hiss etmirəm. Vəziyyət aydındır. Hər şeyin öz məqamı var, hələ bu barədə danışmaq tezdir… Odur ki, bizə gözləmək gərəkdir”, deyə Alonso vurğulayıb.
Xatırladaq ki, Xabi Alonsonun “Real”ın sükanı arxasına keçəcəyi ilə bağlı məlumat var. Müvafiq təyinatın 2026-cı ilin yayında gerçəkləşəcəyi təxmin edilirdi. Məhz o vaxt italyan mütəxəssis Karlo Ançelottinin “Real”la müqavilə müddəti başa çatacaq. Xabi Alonsonun “Real”ın sükanı arxasına onda keçəcəyi gözlənilirdi. Amma “Real”ın cari mövsümdə uğursuzluqlara düçar olması Ançelottinin mövsümün bitməsilə istefaya göndəriləcəyi haqda şayiələri artırıb. Eləcə də mətbuatın, Xabi Alonsonun “qaymaqlılar”ın düşərgəsinə tezliklə keçəcəyi haqda mülahizlər yürütməsinə səbəb olub.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.
Həmçinin Xabi Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.
Xabi Alonso “Bayer”i ümumilikdə 137 oyuna çıxarıb, 89 qələbə, 30 heç-heçə, 18 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 309:147 nisbətindədir.
31 oyundan 67 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


