Məlum olduğu kimi, “Real” İspaniya La Liqasının 35-ci turu çərçivəsində səfərdə əzəli rəqibi “Barselona”ya 3:4 hesabı ilə məğlub olub.
Arena.az “Mundo Deportivo” dərgisinə istinadən məlumat verir ki, son vaxtlar uğursuzluqlar yaşayan Madrid təmsilçisinin, əzəli rəqibinə məğlub olması, “qaymaqlılar”ın azarkeşlərini hiddətləndirib.
Bir dəstə azarkeş toplanaraq, klubun Valdebebasdakı məşq düşərgəsinə yollanıb və orada Barselona səfərindən qayıdacaq komandanı gözləyib. Komandanın düşərgəyə yetişməsi ilə azarkeşlər fəryad qoparıblar. Əsas nida baş məşqçi, 65 yaşlı mütəxəssis Karlo Ançelotti başda olmaqla, bir neçə futbolçuya yönəlib. “Tanrı eşqinə, Karlo, çıx get!”, “Elə, indicə çıx get!”, deyə azarkeşlər qışqıraraq, Ançelottiyə səsləniblər.
25 yaşlı ispan sol cinah müdafiəçisi Fran Qarsiya isə “payını” çox pis alıb. Azarkeşlər ona: “Axı sən nə vaxt “Rayo”ya rədd olub gedəksən?!”, deyə səsləniblər. Bu, azarkeşlərin Qarsiyaya dediyinin mətbuatda ədəblə işıqlandırılması mümkün ən abırlı ifadəsidir. Qarsiyaya nə deyildiyini anlamağı oxucularımızın ixtiyarına buraxırıq.
Bundan başqa, qızışmış dəstə komandanın bir çox futbolçularını “yaramaz muzdurlar” adlandırıb, həmçinin onlara qarşı ədəb-ərkana sığmayan, əxlaqdan uzaq ifadələr işlədiblər. Ancaq söyüşlərə rəğmən, azarkeşlər “qaymaqlılar”ın bir neçə futbolçusuna dəstək nümayiş etdiriblər. Onların arasında Kilian Mbappe, Luka Modriç, Raul Asensio və Daniel Sebalyosun adları çəkilir.
Xatrıladaq ki, cari mövsümdə “Real” çıxış etdiyi dörd əsas yarışda uğursuzluğa düçar olub. İspaniya nəhəngi La Liqanı, Kral Kubokunu və ölkə super kubokunu əzəli rəqibi “Barselona”ya uduzub. UEFA Çempionlar Liqasında isə “kral klubu”nun tacını “Arsenal” “topa” tutaraq, başından salıb.
“Real”ın yeganə təsəllisi mövsümün əvvəlində – ötən ilin avqust və dekabr aylarında müvafiq olaraq qazandığı UEFA Super Kuboku və FIFA Qitələrarası Kubokdur.
35 oyundan 82 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real” isə 75 xalla 2-ci pillədədir.


